KİTABIN YAZILMASI SƏBƏBİ

Bu mövzuda tam əhatəli bir əsərə rast gəlmədiyim üçün öz ibadətlərini Peyğəmbərin –səllallahu aleyhi və alihi və səlləm- yoluna uyğun etmək istəyən müsəlman qardaşlarım üçün imkan daxilində təkbirdən təslimədək Peyğəmbərin –səllallahu aleyhi və alihi və səlləm- namazı ilə bağlı hər şeyi əhatə edən bir kitab yazmağı özümə vacib bildim. Elə bir kitab ki, Peyğəmbəri –səllallahi aleyhi və alihi və səlləm- sidq-ürəklə sevən, onun «Mənim necə namaz qıldığımı görmüsünüz, elə namaz qılın» əmrini gerçəkləşdirmək istəyənlərin işini asanlaşdırmış olsun.
      Bu görə də qollarımı çırmayıb bu məsələ ilə bağlı müxtəlif hədis kitablarını araşdırdım. Nəticədə indi sizə təqdim olunan bu əsər meydana çıxdı. Şərəfli hədis qaydaları və əsaslarına uyğun olaraq peyğəmbər hədislərindən yalnız sənədi sübut olunmuş hədisləri burada qeyd edəcəyimə söz verdim. Çünki mənim etiqadıma görə, sənədinin doğruluğu sübuta yetmiş hədis olan yerdə zəif hədisə ehtiyac yoxdur, çünki, zəif hədis zənndən başqa fayda verməz. Allah təalanın buyurduğu kimi: «… Zənn isə əsla həqiqət ola bilməz!” (ən-Nəcm, 28).
      Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- buyurur: «Zəndən çəkinin! Çünki sözlərin ən yalanı zənlə deyilənidir» (əl-Buxari və Müslim). Allah təala bizə zənn əsasında ibadət etməyə icazə verməmiş, Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- bunu qadağan edərək demişldir: «Mənim barəmdə yalnız səhih hədisdən başqasından çəkinin». Əgər zəif hədisin rəvayəti qadağan edilirsə, deməli, ona əməl etmək də qadağan edilir.
      Kitab iki hissədən ibarətdir: mətn və haşiyə. Mətnə hədislər və onunla bağlı fikirlər daxildir. Kitabda ardıcıllığı saxlamaq üçün mətnlərin hər birini öz yerində qoydum. Hədisləri sünnə kitablarında varid olduqları kimi dəyişdirmədən verdim.
      Verilən hədisin bir neçə rəvayəti varsa, müəlliflik və digər qaydalara uyğun olaraq, başqa rəvayətdəki fərqli sözləri «başqa rəvayətdə» ifadəsi ilə bildirərək mətnə daxil etdim. Oxunuşu asanlaşdırmaq üçün bu mətnə daxil olan sözlərin hansı əshabədən nəql olunduğunu və bunu hansı hədis aliminin rəvayət etdiyini də qeyd etmədim.
      İkinci hissə özlüyündə mətnin şərhidir. Hədis elminin qaydalarına riayət edərək verilmiş hədisləri dəqiqləşdirmiş, müxtəlif mənbələri tutuşdurmuş, müəyyən dəyişiklər aparmışam. Hədisin mənasına xələl gətirmədən müəyyən əlavələr də etmişəm. Əlavələri mötərizədə vermişəm. Əshabələrə məxsus rəvayətləri ayrıca vermişəm.
      Daha sonra hədis alimlərinin mənsub olduğu məktəblər, (məzhəblər) haqqında danışıram. Onların fikirlərinin müzakirəsini açıram, əldə etdiyim nəticələri qeyd edirəm. Həmçinin Sünnədə verilməyən bəzi məsələlər barədə öz fikirlərimi irəli sürürəm. Əlbəttə, həmin məzhəbləri təfsilatı ilə tədqiq etmək bu kitabın mövzusuna daxil deyildir.
      Kitabın hər iki hissəsini birgə nəşr etdirmək istədik. Lakin obyektiv səbəblərə görə birinci hissəsini ayrıca çapa verib onu belə adlandırdıq: «Sanki onu görürmüşsən kimi Peyğəmbərin (s.a.v.) namazı təkbirdən təslimədək”
      Allah təaladan bu kitabı yalnız Onun razılığı üçün olan əməllərdən etməsini və onunla möminlərə fayda verməsini diləyirik. O, Eşidən və Cavab verəndir.

KİTABIN METODU


      Kitabın mövzusu Peyğəmbərin- səllallahu aleyhi və alihi və səlləm- namaz barədə göstərdiyi doğru yolun bəyan edilməsidir. Artıq yuxarıda qeyd etdiyimiz səbəbə görə müəyyən bir məzhəbdən asılı olmayıb istər qədim, istərsə də yeni dövr hədis ailmlərinin məzhəblərində olduğu kimi Peyğəmbər –səlllallahu aleyhi və alihi və səlləm- haqqında sübuta yetirilmiş hədislərə əsaslandıq.
      Bu sözlər çox yerində deyilmişdir: «Hədis əhli Peyğəmbər əhlidir; onun özü ilə söhbət etməmişlər, lakin onun kəlamlarının daşıyıcısı olmuşlar.»
      Buna görə də bu kitab, inşallah, müxtəlif fiqh və hədis kitablarında verilən və mövzuya uyğun gələn hədislərin toplusu olacaqdır. Eyni zamanda heç bir kitabda və məzhəbdə öz əksini tapa bilməyən həqiqətlət də burada verilir. Buna əməl edən, inşallah, Allahın doğru yola yönəltdiyi şəxs olacaqdır: «… Onların ixtilafda olduqları həqiqətə Onun izni ilə iman gətirənləri Allah doğru yola yönəltdi…” (əl-Bəqərə,213).
      Səhih hədislərə əsaslanmaq metodunu rəhbər tutaraq onu bu kitaba tətbiq etdim və bunun digər əsərlərimin oxucular arasında geniş yayılacağına inanıram. Həm də bilirəm ki, bu heç də hamını razı salmayacaqdır. Onlardan bəziləri və ya çoxusu tənə və tənqid atəşini üstümə yağdıracaqdır.
      Bununla mənə bir şey olmaz. Mən bilirəm ki, hamını razı salmaq heç də həmişə mümkün olmur. Ancaq: «Allahı qəzəbləndirməklə insanları razı salanı Allah insanlara möhtac edər» (ət-Tirmizinin rəvayəti. Səhih hədisdir).
      Bu sözlər nə gözəl deyilmişdir:
     
      Hündür bir dağdakı mağara içində olsam da,
      Qartalın qanadları altında gizlənsəm də,
      İnsanların tənəsindən qurtula bilmərəm.
     
      Mən inanıram ki, bu, Allah təalanın möminlərə buyurduğu, peyğəmbərlər ağası Peyğəmbərimiz Məhəmmədin –səllalahu aleyhi və alihi və səlləm- göstərdiyi, əməlisaleh əshabələrin, ardıcılların, onlardan sonrakıların, o cümlədən müsəlmanların mənsub olduğu, dörd məzhəb imamlarının tutduğu ən döğru yoldur.
      Hamı hədislərə əsaslanmağın vacibliyini qeyd edir, onlara müxalif olan kəlamları rədd etməyi tələb edir. Hər hansı bir kəlam, fikir nə qədər əzəmətli olursa-olsun, Peyğəmbərin- səllallahu aleyhi və alihi və səlləm- şəni daha ucadır, göstərdiyi yol daha doğrudur. Buna görə mən də onların hidayət yolunu seçdim, onların izi ilə getdim, onların hədislərə əsaslanmaq barədəki əmrlərini yerinə yetirdim. Bu əmrlər kitabın yazılma metodunu müəyyənləşdirdi və bu, ən doğru metoddur. Bu həm də kor-koranə təqliddən uzaqdır. Allah təalanın onların xeyirlə mükafatlandırmasını diləyirəm!
     

       İMAMLARIN SÜNNƏYƏ ƏMƏL ETMƏK VƏ ONA MÜXALİF OLAN SÖZLƏRİNİ TƏRK ETMƏK BARƏDƏ DEYİMLƏRİ