ŞÜBHƏLƏR VƏ ONLARIN CAVABI


      On ildən bəri bu kitabın müqəddiməsində bunları yazmışam. Bu qısa müddət ərzində bizə aydın oldu ki, bu kitabın mömin gənclərə müsbət təsiri olmuş, onları öz din və ibadətində İslamda yeganə pak ibadət mənbəyi olan Kitab və Sünnəyə qayıdışa yönəltmək işində mühüm rol oynamışdır. Onlar arasında, Allaha şükür ki, Sünnəyə əməl edib ona etimad edənlərin sayı artıb geniş şəkildə yayılmışdır. Mən onların çoxunda Sünnəyə əməl etmək rəğbətini hiss etdim. Şübhəsiz ki, Sünnəyə qayıdış əmrini verən imamların dedikləri barədə ayələri və xəbərləri sadaladıqdan sonra bu, belə də olmalı idi. Laikn bu gənclər hələ də bəzi təqlidçi şeyxlərdən şübhə doğuran sözlər eşidirlər. Buna görə də onları sadalamağı və onlara cavab verməyi lazım bildim. Ola bilsin ki, bundan sonra bəziləri Sünnəyə əməl edən və Allahın izni ilə nicat tapmış toplumdan olsunlar.

1. Bəziləri demişlər: Dini işlərdə, xüsusilə namaz kimi sırf ibadət məsələsində Peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm- yolunu tutmaq vacibdir. Bu barədə nə başqa rəyə gəlmək, nə də başqa fikir yürütmək olar. Çünki bu ilahi işdir. Lakin biz hələ də təqlidçi şeyxlərdən heç birindən bunu eşitmirik, əksinə, onlar fikir ayrılığı olmasını dəstəkləyirlər. İddia edirlər ki, bu, millətə genişlik, rahatlıq vermək qəbildəndir. Öz iddialarını əsaslandırmaq üçün Sünnə tərəfdarlarına cavab olaraq dəfələrlə gətirmiş olduqları bir hədisi misal göstərirlər: «Mənim millətimin ixtilafı mərhəmətdir». Bizə aydın olur ki, bu hədis sizin insanları dəvət etdiyiniz, yazdığınız bu və başqa kitabların əsaslandığı metodun əksinədir. Sizin bu hədis barədə rəyiniz nədir?
      Cavab iki cürdür:
      Birincisi, bu hədis səhih deyildir; batildir, əsli yoxdur. Böyük alim əs-Sübki demişdir: «Onun üçün nə səhih, nə zəif, nə də ki ,qondarma bir istinad tapa bildim».
      Mən deyirəm ki, bu cür formada rəvayətlər vardır: «Əshabələrimin ixtilafı sizə mərhəmətdir» və «Əshabələrim ulduzlar kimidir, hansının yolu ilə getsəniz hidəyət taparsınız». Hər ikisi səhih deyildir. Birincisi çox zəifdir. İkincisi qondarmadır. Bu hədisləri «Zəif və qondarma hədislər silsiləsi» əsərində (səh.58-59 və 61) tədqiq etmişəm.
      İkincisi, hədis öz zəifliyi ilə yanaşı Qurani-Kərimə də ziddir. Dində ixtilafı inkar edən və ittifaqı əmr edən ayələr o qədər məşhurdur ki, qeyd edilməsə də olardı. Lakin bəzi ayələri misal gətirmək pis olmaz. Allah təala buyurur:
      «Bir-birinilzlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz” (əl-Ənfal,46);
      «Tövbə edərək Ona tərəf dönün, Ondan qorxun, namaz qılın və müşriklərdən olmayın! O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular…” (ər-Rum, 31-32);
      «Əgər Rəbbin istəsəydi, bütün insanları tək bir ümmət edərdi. Onlar hələ də ixtilafdadırlar. Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır…” (Hud,118-119).
      Əgər ixtilafda olmaq Rəbbin mərhəmətidirsə, onda batil əməl sahibləri həmişə ixtilafdadırlar. Necə ola bilər ki, ixtilaf mərhəmət olsun?
      Sübut edilmişdir ki, bu hədisin nə sənədi, nə də mətni səhih deyildir. Onda aydındır ki, ona əsaslanıb imamların əmr etdiyi kimi Kitab və Sünnəyə əməl etməyi şübhə altına almaq olmaz.

2. Başqaları demişlər: əgər dində ixtilaf yasaq edilibsə, bəs onda əshabələrin və onlardan sonra imamların ixtilafda olmalarına nə deyirsiniz? Məgər onların ixtilafı ilə sonrakı alimlərin ixtilafı arasında fərq varmı?
     Cavab: Bəli, bu iki ixtilaf arasında böyük fərq vardır. Bu özünü iki amildə göstərir:
     Birinci: İxtilafın səbəbi.
     İkinci: Onun nəticəsi.
      Əshabələr arasındakı ixtilaf başa düşmək zərurətindən doğurdu və təbii ixtilaf idi. Bu, ixtilaf xatirinə ixtilaf deyildi. Bura həm də onların zamanında mövcud olmuş, ixtilafı meydana gətirmiş və sonradan aradan getmiş amilləri də əlavə etmək olar. Bu növ ixtilafdan tamamilə xilas olmaq mümkün deyildir. Həm də bu ixtilafa görə yuxarıda qeyd edilən ayələrdə irəli sürülən töhmət onu törədənlərə aid edilmir. Belə ki, burada bu ixtilafın qəsdən və üzərində israrla durma şərti müəyyənləşdirilmişdir.
      Təqlidçilər arasındakı ixtilafa gəldikdə, deməliyik ki, onu törədənlərə əksər hallarda üzr yoxdur. Çünki bəzilərinə Kitab və Sünnədən dəlil aydın olmasına baxmayaraq, o başqa məzhəbin fikrinə uyğun olduğuna görə, mənsub olduğu məzhəbin fikrinə müxalif olduğuna görə onu kənara qoyur. Sanki mənsub olduğu məzhəb dinin əslidir və ya Məhəmmədin –səllallahu aleyhi və alihi və səlləm- gətirdiyi din məhz odur. Başqa məzhəb isə hökmü ləğv olunmuş başqa bir dindir.
      Təqlidçilərin başqa bir qrupu isə bunun əksinə olaraq bütün məzhəbləri aralarındakı geniş ixtilafa görə müxtəlif şəriətlər kimi qəbul edir. Sonrakı dövrün alimləri bu fikri açıq şəkildə ifadə edirlər. (Bax: əl-Mənavi, «Feyz əl-Qədir», 1/209 və «Zəif hədislər silsiləsi», 1/76 və 77). Müsəlman üçün onlardan birini qəbul etmək, digərini isə rədd etməkdə bir sıxıntı yoxdur. Çünki hamısı şəriətdir. Onlar bir-birilə ixtilafda olmaqla yanaşı bu batil hədisə əsaslanırlar: «Mənum ümmətimin ixtilafı mərhəmətdir». Onlardan bəziləri bu hədisi şərh edərək deyirlər ki, ixtilaflar hər halda mərhəmət olmuşdur. Çünki o, millətə geniş imkanlar yaradır. Lakin bu şərh yuxarıda qeyd edilən açıq və aydın ayələrə, imamların kəlamlarına ziddir. Bir çoxları bu fikrə belə cavab verirlər: İbn əl-Qasim demişdir: « Mən Malikdən və Leysdən onların belə dediklərini eşitmişəm ki, Pəsulullahın –səllallahu aleyhi və alihi və səlləm- əshabələrinin ixtilafı barədə insanların dediyi kimi «bu, millət üçün geniş imkanlar açır» deyilməsi səhvdir. Bu, belə deyildir. Çünki ixtilaflı iki fikrin biri səhv, o biri doğrudur».
      Əşhəb demişdir: «Malikdən Peyğəmbərin –səllallahu aleyhi və laihi və səlləm- əshabələrindən inamlı şəxsin rəvayəti ilə gəlmiş fikirləri barədə soruşmuşlar: Bu fikirlərdə geniş imkanlar (hər biri ilə əməl etmək) görürsənmi? Malik demişdir: «Vallahi, haqqa isabət etməyincə yox! Haqq yalnız birdir. Məgər iki müxtəlif fikrin hər ikisi doğru ola bilərmi? Həqiqət yalnız tək ola bilər».
      İmam əş-Şafiinin ardıcıllarından olan əl-Muzəni demişdir: «Rəsulullahın –səllallahu aleyhi və alihi və səlləm- əshabələri bir-birilə ixtilafda olmuş, fikriləri diqqətlə öyrənmişlər, şərh etmişlər. Hər birinin fikri doğru olsaydı, belə etməzdilər. Ömər bin əl-Xəttab, Ubeyy bin Kəb ilə İbn Məsud arasında namazın bir paltarda qılınması barəsində ixtilaf xəbərini eşidəndə bərk qəzəblənir. Belə ki, Ubeyy demişdi ki, bir paltarda namaz qılmaq yaxşıdır, gözəldir. İbn Məsud isə demişdi ki, bunu o zaman demək olar ki, paltar az olsun…»
      İbn Abdur-Bərr demişdir: «Bir-birinə əks fikirlər doğru olsaydı, keçmiş alimlər öz fətvalarında, hökmlərində və iddialarında bir-birinin xəta etdiyini deməzdilər.Bir fikir və onun əksi eyni zamanda hər ikisi doğru ola bilməz. Düz deyiblər ki, bir-birinə zidd iki fikri isbat etmək cəhdi mümkün olmayan bir şeyi etməkdən daha iyrənc bir işdir».
      İbn Kəsir demişdir: «İxtilafın rəhmət deyil, bütünlükdə şər olması sübut edilmişdir. Lakin elə ixtilaf var ki, ona görə insan günah qazanar. Məsələn, məzhəbinə təəssübkeşlik edənlərin ixtilafı. Elə ixtilaf da var ki, ona görə günah yazılmır. Məsələn, əshabə və tabiinlərin bir-biri arasında olan ixtilaf. Allah bizi bu sonuncular zümrəsinə daxil etsin və onların ardınca getməyə müvəffəq etsin!»
      Göründüyü kimi əshabələrin ixtilafı təqlidçilərin ixtilafı ilə eyni deyildir.
      Xülasə, əshabələr məcburiyyət üzündən ixtilafda olmuşlar. Onlar ixtilafı inkar etmiş və imkan tapan kimi ondan qaçmışlar.
      Təqlidçilər isə ixtilaflardan və ya onların çoxusundan xilas imkanına malik olsalar da, bir-birilə razılığa gələ bilmirlər və buna səy etmirlər. Əksinə, öz fikirləri üstündə israr edir, zidd mövqelərdə dururlar. Bu iki növ ixtilaf arasında böyük fərq vardır. Bu fərq səbəb baxımındandır.
      Nəticə baxımından fərq barədə bunları deyə bilərik: bu fərq aydındır. Əshabələr –radıyallahu anhum- Allah onlardan razı olsun- ikinci dərəcəli məsələlərdə ixtilafda olsalar da, öz aralarında birliyi möhkəm qorumuşlar, fikirləri haçalayan, sıraları parçalayan hər şeydən uzaq olmuşlar. Məsələn, onlardan elələri olmuşdur ki, «bismilləh»in bərkdən deyilməsinin şəriətə uyğunluğunu irəli sürmüş, digərləri isə bunu inkar etmişlər. Elələri olmuşdur ki, namaz vaxtı əllərin yuxarı qaldırılmasını müstəhəb bilmiş (bəyənmiş – Z.Q.), digərləri isə bunu qəbul etməmişlər. Elələri olmuşdur ki, qadına toxunmaqla dəstəmazın pozulması fikrini irəli sürmüş, başqaları isə bunu rədd etmişlər. Bununla yanaşı onlar hamısı eyni bir imamın arxasında namaz qılmış, onlardan heç biri məzhəb ixtiulafına görə imam arxasında namaz qılmaqdan boyun qaçırmamışdır.
      Təqlidçilərin ixtilafı bunun tam əksinədir. Bunun ən pis nəticələrindən birini iki şəhadətdən sonra islamın ən böyük rüknu olan namazda görmək olar. Təqlidçilər eyni bir imamın arxasında namaz qılmaqdan boyun qaçırıb iddia edirlər ki, imamın namazı onun məzhəbinə müxalif olan üçün batil və ən azı məkruhdur. Bunu həm eşitmişik, həm də başqaları kimi görmüşük. Hazırda bir çox başqa tanınmış məzhəblərin kitablarında batillik və ikrah təbliğ edilir. Bir məsciddə dörd mehrab görmək olar, bir-birinin ardınca dörd imam orada namaz qılır. Görürsən ki, adamlar öz imamlarını gözlədiyi bir vaxt, başqa bir imam namazla məşğuldur.
      Bəzi təqlidçilərdə ixtilaf son həddə çatmışdır. Məsələn, hənəfi məzhəbində olanda şafii məzhəbində olanlar arasında nigah qurmağa maneəçilik törədilir. Sonradan hənəfilərin bəzi tanınmış adamları fətva verib Hənəfi kişinin şafii qadnla evlənməsinə icazə verdilər və bu qadını kitab əhli hesab etməklə əsaslandırdılar. Bu, o deməkdir ki, şafii kişi hənəfi qadınla evlənə bilməz. Necə ki, kitab əhli olan qeyri-müsəlman müsəlman qadınla evlənə bilməz!
      Əvvəlki dövr elm əhlinin ixtilaflarından fərqli olaraq, sonrakı dövrlərdə yaşayanların ixtilafının nəticəsinin pis təsiri hər bir ağıllı insana bu iki misaldan aydın olur. Onların (xələf – sonrakı dövr alimləri) ixtilafı isə millətdə heç bir pis iz qoymamışdır. Buna görə də sonrakı dövrın alimlərinin ixtilafından fərqli olaraq, dində təfriqənin qadağan olmasına aid ayələr onlara aid deyildir.
      Allah təala bizim hamımızı düzgün yola yönəltsin!
      Kaş ki, onların həmin ixtilafları öz aralarında qalaydı və dəvət ümmətinə sirayət etməyəydi. Onda, bəlkə də, ağrı-acımız azalardı. Lakin, çox təəssüf ki, bu ixtilafların əks-sədası çoxsaylı ölkələrdən gəlir. Məhz bu ixtilaflar onların dəstə –dəstə Allahın dininə daxil olmasına mane olur. Tanınmış alim, professor Məhəmməd Qəzali «Qərbdən düşən kölgə» kitabında (səh 200) yazır: «Amerikanın Prinston universitetinin təşkil etdiyi konfransda belə bir hadisə baş verdi. Natiqlərdən biri şərqşünaslar və islamşünaslar arasında geniş yayılmış bir neçə sual verdi: Müsəlmanlar hansı təlimə əsaslanaraq dünyaya üz tuturlar? Qoy onlar başqalarını dəvət etdikləri İslamın nə olduğunu müəyyənləşdirsinlər.
      Onlar sünnilərin qəbul etdikləri İslam təlimini, yoxsa imami və ya zeydi şiələrin təlimlərini əsas götürürlər? Bundan əlavə, istər sünnilər, istərsə də şiələr də öz aralarında ixtilafdadırlar. ..
      Onlardan bir dəstə müəyyən bir məsələ barədə məhdud mütərəqqi çərçivə daxilində mühakimə yürütsə də, başqası formal kölə təfəkkür tərzini əsas götürür.
      Xülasə, İslama çağıranlar dəvət edilənləri çaş-baş qoyurlar, çünki onların özləri da çaş-baş qalıblar».
      Mərhum alim Məhəmməd Sultan əl-Məsumi özünün «Yapon ölkəsi» müsəlmanlarına sultanın hədiyyəsi» kitabının müqəddiməsində yazır: «Yaponiyanın Tokio və Osaka şəhərlərində yaşayan müsəlmanlar mənə belə bir sualla müraciət etdilər: həqiqi İslam hansıdır? Məzhəb nə deməkdir? İslamı qəbul edən şəxs mütləq bu dörd məzhəbdən birini qəbul etməlidir? Yəni mütləq maliki, hənəfi, şafii və ya qeyrisi olmalıdır, yaxud olmamalıdır?»
      Burada böyük ixtilaf və ağır münaqişə baş vermişdir. Yapon ziyalılarından bir dəstə açıq fikirli adam İslam dinini qəbul etmək istədi. İman şəriətinə nail olmaq üçün Tokioda yerləşən müsəlman cəmiyyətinə müraciət etdilər. Hindistandan olanlar dedilər: «Siz imam Əbu Hənifənin məzhəbinə daxil olmalısınız. Çünki o, millətin çırağıdır». İndoneziyadan olanlar dedilər: «Siz Şafiinin məzhəbindən olmalısınız!»
      Bu sözləri eşidən yaponlar çox təəccübləndilər, gəlmələrinə peşman oldular. Beləliklə, məzhəb problemi onların müsəlmanlığı yolunda əngələ çevrildi.

3. Əks mövqedə duranlar özlərini Sünnə tərəfdarı kimi göstərib imamların fikirlərini qəbul etməməyə, onların iddialarını birdəfəlik və tamamilə rədd etməyə çağırırlar. Buna cavab olaraq deyirəm: bu iddia həqiqətdən çox-çox uzaqdır, onun tam batilliyi göz qabağındadır. Yuxarıda dediklərimizdən aydın olduğu kimi, bu da səhv mövqedir. Biz yalnız məzhəblərin din kimi qəbul edilməsini, Kitab və Sünnənin onlarla əvəz edilməsinin əleyhinə olmuşuq. Halbuki indiki dövrdə fiqh alimləri bir çox mübahisəli məsələlərdə yeni hökmlər çıxartmaq istədikdə bu məzhəblərə müraciət edirlər. Onlar həmçinin məişət, nigah, talaq və s. məsələlərdə də haqqı nahaqdan seçmək üçün Kitab və Sünnəyə əsaslanmadan yeni hökmlər verir, düzü əyriyə qatırlar. Budur onların getdikləri «ixtilafları mərhəmətdir» yolu! Asanlıqla keçilən şəxsi mənafe naminə uğurlar gətirən bir yol.
      Mərhum Süleyman ət-Təmimi bu adamlar barədə demişdir: «Bütün alimlərin rüsxətlərini götürsən, onda bil ki, bütün şərlər səndən yayılıbdır. «İbn Abdur –Bərr bu fikri belə şərh edir: «Bu elə bir yekdil fikirdir ki, onda ixtilaf bilmirəm.» (2/91/92)
      Biz bax bunu inkar edirik. Bu da yuxarıda göründüyü kimi yekdil fikrə müvafiqdir.
      Kitab və Sünnədə açıqca zikr olunmayan bəzi məsələlərdə, onların ixtilaf etdikləri məsələlərdə dedikləri sözlərə müraciət etməyi, onlardan haqqı başa düşmək üçün istifadə etmək və ya köməkçi vasitə kimi istifadə etməyi inkar etmirik, əksinə biz buna çağırır və səsləyirik. Çünki bunda fayda vardır.
      Görkəmli alim İbn Abdur –Bərr – rahmətullahi aleyh-demişdir: «Qardaşım! Sən İslamın əsaslarına sədaqətli olmalısan. Bil ki, sünnələrə və Quranın əhatə etdiyi prinsiplərə sadiq olub fəqihlərin fikirlərini nəzərdən keçirən şəxs onlardan öz biliyini dərinləşdirmək üçün köməkçi vasitə, nəzəri problemləri başa düşmək üçün açar, mənalarının şərhi kimi istifadə edirlər. Bu alimlərdən heç biri təqlid edilməməlidir. Yalnız sünnələrin göstərişlərini rəhbər tutmalıdır və onlara heç bir şəkk-şübhə ola bilməz. Sadiq tədqiqatçı alimlar sünnələrdən əxz etdiklərini öyrənməklə kifayətlənməyib bundan yalnız tədqiqat, anlamaq və axtarış vasitəsi kimi istifadə edirlər. Bu alimlərə çəkdikləri zəhmətə görə və qoyub getdikləri irsə görə təşəkkürümüzü bildiririk. Onların dediklərinin əksəriyyətini təşkil edən həqiqətə görə sağ olsunlar. Bu heç də onları yol verdikləri təhrif və zəlalətdən (haqq yolunu azmış – Z.Q.) xilas etmir necə ki, onlar özləri də bunu etiraf edirlər. Əməlisaleh sələflərimiz özlərinə belə tələbkarıqla yanaşmışlar. Bu yol və məzmununa, mənasına, doğruluğuna görə Peyğəmbərin –səllallahu aleyhi və alihi və səlləm- Sünnəsinə və Onun əshabələrinin – radıyallahu anhum- yoluna uyğun olan haqq yoludur.
      Özünü tədqiqat, axtarış və yuxarıda qeyr etdiyimiz başqa işlərdən azad bilib irəli sürdüyü fikirləri ilə Sünnəyə qarşı çıxan və onu öz rəyinə uyğunlaşdırmaq istəyən şəxs haqq yolunu azmış olur. Bütün bunlar həm də cəhalət və nadanlıqdır ki, özünü heç bir elmi əsas olmadan verilən fətvalarda göstərir. Bu kor olmaq, yol azmaq deməkdir».
      Bu yolun haqq yolu olduğu sirr deyil, məni bu yolun yolçusu et, ya Rəbb! 4.
     Bəzi təqlidçilərdə məzhəblərin özlərinə də zidd olan və onları Sünnədən ayıran belə bir səhv fikir formalaşmışdır ki, məzhəb sahibinin səhvlərini açıb göstərməməlidirlər. Səhvləri açıb göstərmək isə imama hörmətsizlikdir. Hər hansı bir müsəlmana qarşı hörmətsizliyə yol vermək olmaz. Xüsusilə imamlardan hər hansı biri haqqında hörmətsizlik qətiyyən yol verilməzdir.
      Buna cavab olaraq deməliyik: bu, səhv fikirdir. Sünnə fithinə qarşı çıxmaqdır. Yoxsa, aqil müsəlman bunu necə deyə bilər? Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- demişdir: «Əgər hakim doğru hökm verirsə iki, səhv hökm verirsə, yalnız bir əcr qazanmış olur» (əl-Buxari və Müslim).
      Bu hədis yuxarıda qeyd edilən fikrin səhv olduğunu göstərir və belə bir qənaətə gəlmək üçün şübhə yeri qoymur ki, «filankəs səhv etdi» ifadəsinin şəriət mənası «filankəs yalnız bir əcr qazandı» deməkdir. Əgər insan səhvi göstərməklə əcr sahibi olursa, onda bunu necə kiməsə qarşı hörmətsizlik kimi qəbul etmək olar? Heç şübhəsiz, bu, səhv fikirdir və ondan əl çəkmək lazımdır. Əslində bu fikir sahibinin özü müsəlmanlara, hətta adi müsəlmanlara qarşı deyil, ən böyük imamlara – əshabələrə, ardıcıllara, onlardan sonra isə tanınmış alimlərə qarşı hörmətsizlik edir, onları bir-birinə qarşı qoyur.
      Aqil adam bu barədə deyər: doğrudur, onlar bir-birini tənqid etmişlər. Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- Əbu Bəkrin –radıyallahu anhu- bir kişinin yuxusunu yozması barədə demişdir: «Bəzi sözlərində haqlısan, bəzilərində isə səhv edirsən». Məgər bununla Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- Əbu Bəkrə qarşı hörmətsizlik etmişdir?! Bu səhvin ona yol verənlərə təsiri çox qəribədir. Bu səhv fikir öz sahiblərinin rəyinə görə, Sünnəyə əməl etmək imama hörmətsizlik deməkdir. Lakin, imama sədaqət – Sünnəyə müxalif olsa belə – ona ehtiram və iltizam deməkdir. Buna görə də onlar (iddia etdikləri) yalançı hörmətsizlikdən qaçaraq imamı təqlid etməkdə israr edirlər.
      Lakin onlar bu fikirlə özləri də bilmədən qaçmaq istədikləri şərə qurşanmış olduqlarını unudurlar. Mən demirəm ki, qəsdən buna yol verirlər. Onlara deyə bilərlər ki, əgər birinin ardıcılı olmaq ona ehtiram, ona qarşı çıxmaq isə hörmətsizlikdirsə, onda Peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm- Sünnəsinə müxalif olmağı necə rəva bilirsiniz, onun əksinə olaraq məzhəb imamına sadiq olursunuz? Bəlkə, Sünnə qeyri-məsumdur, ona hörmətsizlik küfr deyil?! Sizin fikrinizcə, imama müxalifət onun haqqında hörmətsizlikdir. Amma Peyğəmbərə – səllallahu aleyhi və alihi və səlləm- müxalifət öz mahiyyəti etibarı ilə ona hörmətsizlikdir, bu isə eyni ilə küfrdür (Allah qorusun!). Onlara belə bir şey deyilsə, heç şübhəsiz, cavab tapa bilməzlər. İlahi ! Cavab tapa bilmədikdə bəzilərindən eşitdiyimiz o kəlməyə qayıdırlar: bizim Sünnədən uzaq olmağımız öz məzhəbimizin imamına sədaqət deməkdir. Çünki imam Sünnəni bizdən yaxşı bilir.
      Bu iddiaya cavab verməklə müqəddiməni uzatmış olarıq. Buna görə də mən yalnız müxtəsər bir cavabla kifayətlənirəm və Allah təalanın izni ilə bu cavab qəti olacaqdır:
      Sünnəni təkcə sizin imamınız daha çox bilmir. Yüzlərlə imam vardır ki, onlar da Sünnəni sizdən daha çox bilirlər. Sizin məzhəbinizə müxalif olan və eyni zamanda həmin imamlardan birinin də əməl etdiyi səhih Sünnəyə siz də mültəzim olmalısınız. Sizin yuxarıda qeyd edilən iddianızın burada xeyri yoxdur. Müxalifiniz sizə qarşı çıxıb deyəcək: əgər biz imamın da qəbul etdiyi Sünnəyə əməl ediriksə, onda Sünnəyə bağlılıq ona müzalif olan imama bağlılıqdan irəlidir. Bu isə aydın həqiqət olub heç kəs də şübhə doğurmamalıdır.
      Son olaraq deyə bilərəm:
      Bizim bu kitabımızda Peyğəmbərin – səllallahu aeyhi və alihi və səlləm- namazı necə qıldığı barədə qayda-qanunları toplanmışdır. Onlara əməl etmək hər kəs üçün vacibdir. Alimlər onlara əməl etmək zərurəti məsələsində yekdil olub bunu etməməkdən insanları çəkindirmişlər. Bu kitabda elə bir problem yoxdur ki, o haqda bəzi imamların fikri olmasın. Bu məsələlərə toxunmayan alimlər isə üzürlüdür, yalnız bir əcrə layiqdirlər. Çünki onlara bu məsələlərdə Kitab və Sünnədən dəlil çatmamış və ya onların fikrinə görə dəlil bu məsələ üçün yararlı olmamışdır. Bütün bu alimlər üzürlüdürlər. Alimlərdən qalan mətnləri təqlid edənə isə üzür ola bilməz. Bu halda mövcud səhih dəlilə əməl etmək vacibdir. Müqəddimənin də məqsədi budur. Qüdrət və Cəlalət sahibi Allah təala buyurur: «Ey iman gətirənlər! Sizə həyat verəcək şeyə sizi çağıran Allaha və Peyğəmbərə razılıq cavabı verin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!” (əl-Ənfal,24).
      Allah kəlamı haqdır. O, haqq yolunu göstərir. O, ən böyük nemətlərin sahibi, ən böyük qələbələri qazandırandır. Aləmlərin Rəbbinə həmd olsun! Məhəmmədə, onun ailəsinə və əshabələrinə salavat və salam olsun!
     
      Məhəmməd Nasir əd-Din əl-Əlbani
      Dəməşq,
      20.05.1351 h.
KƏBƏYƏ DOĞRU YÖNƏLMƏK