QİYAM VƏ XƏSTƏNİN NAMAZI


      Peyğəmbər –səllallahu aləyhi və alihi və səlləm- Allah təalanın «…Allah itaət üçün ayağa qalxın” (əl-Bəqərə,238) ayəsində buyurduğunu yerinə yetirərək fərz və könüllü namazlar zamanı ayaq üstə durardı.
      Səfər edərkən öz dəvəsinin belində namaz qılardı.
      Yuxarıda deyildiyi kimi, şiddətli qorxu vaxtı öz ümmətinə ayaq üstə duraraq və ya minik belində ikən namaz qılmağı icazə vermişdir: «Namazlara və (xüsusilə) orta namaza əməl edin və Allaha itaət üçün ayağa qalxın. Əgər (duşməndən və ya yırtıcı heyvandan) qorxsanız, piyada gedə-gedə və ya minik üstə (qılın). (Təhlükədən sovuşmağınıza) əmin olduqda isə Allahı, bilmədiyiniz şeyləri sizə (Peyğəmbər) necə öyrədibsə, o cür anın (zikr edin, namaz qılın)” (əl-Bəqərə, 238-239)
      « Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- ölüm ayağında xəstə ikən oturaraq namaz qılardı» (ət-Tirmizi və Əhməd, Səhih hədisdir).
      «Peyğəmbər – səllallahu aləyhi və alihi və səlləm- başqa bir vaxt da bu cür namaz qılmışdı. Bir dəfə camaat onun arxasında ayaq üstə namaz qıldığı vaxt onlara oturmağı işarə etdi və hamı oturdu. Namaz qurtardıqdan sonra dedi: « Siz az qala farslar və rumların öz şahları ilə etdiyi hərəkətə yol verəsiniz. Şahları oturduğu halda onlar ayaq üstə durardılar. Siz belə etməyin. Siz imamın etdiklərini edin, o, rüku etsə, siz də edin, qalxsa, siz də qalxın, namazda otursa, siz də hamılıqla oturun» (əl-Buxarı və Müslim).
      Xəstənin oturaraq namaz qılması barədə İmran bin Husayyin – radıyallahu anhu- demişdir: « Mən babasil xəstəliyinə tutulmuşdum. Bu vəziyyətdə namaz qılmaq barədə Peyğəmbərdən – səllallahu aleyhi və alihi və səlləm- soruşdum. O mənə dedi: «Ayaq üstə namaz qıl, bacarmasan, oturaq qıl, bunu da edə bilməsən, uzanıb qıl» (əl-Buxari, Əbu Davud, Əhməd).
      O, həmçinin demişdir: «Mən Peyğəmbərdən –səllallahu aleyhi və alihi və səlləm- oturaq namaz qılan adam barədə soruşanda, o dedi: «Ayaq üstə namaz qılan ən çox əcr qazanmış olur, oturaq namaz qılan bunun yarısını qazanır, uzanıb namaz qılan isə oturaq namaz qılanın əcrinin yarısını qazanır» (əl-Buxarı, Əbu Davud və Əhməd). Burada xəstələrin qıldığı namaz nəzərdə tutulur.
      Ənəs – radıyallahu anhu- demişdir: « Rəsulullah –səllallahu aleyhi və alihi və səlləm – adamların arasına gələndə onlar xəstə olduqları üçün oturaq namaz qılırdılar. O dedi: « Oturanın namazının əcri ayaq üstə qılınan namazın əcrinin yarısı qədərdir» (Əhməd və İbn Məcə. Səhih hədisdir).
      «Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- bir xəstənin balış üstə namaz qıldığını gördü. O balışı götürüb kənara atdı. Xəstə bir əsa götürdü və namaza başladı. Onu da alıb kənara tullayaraq dedi: « Bacarsan, yerə uzanıb namaz qıl, bacarmasan, (başınla) işarə et. Səcdəni rükuya nisbətən daha aşağı et» (ət-Təbərani, əl-Bəzzar, İbn əs-Səmmak və əl-Beyhəqi. Səhih hədis).
     

GƏMİDƏ NAMAZ QILMAQ


      Peyğəmbərdən –səllallahu aleyhi və alihi və səlləm- gəmidə namaz barədə soruşulduqda o demişdir: «Əgər batmaqdan qorxmasan, ayaq üstə namaz qılmalısan» (əl-Bəzzar, əl-Dəraqutni və Abdur Fəni əl-Məqdisi. Səhih hədisdir).
      «Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- qocalıb yaşa dolanda namaz vaxtı əsa götırıb ona söykənərmiş» (Əbu Davud,əl-Hakim).
     
     

       GECƏ NAMAZINDA DURMAQ VƏ OTURMAQ