Müqəddimə


     
      Bəndələrinə namazı vacib bilən, onu qılmağı və kamil şəkildə yerinə yetirməyi buyuran, uğuru və zəfəri ona əməl etməklə bağlayan, onu imanla küfr arasında səddə, əxlaqsızlıq və harama qarşı maneəyə çevirən Allaha həmd olsun!
      Allah təalanın «…Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən…” (ən-Nəhl,44) deyib müraciət etdiyi Peyğəmbərimiz Məhəmmədə Allahın salavatı və salamı olsun! Allahın salavatı və salamı olmuş peyğəmbər bu vəzifəni tam şəkildə yerinə yetirdi, namazın insanlar üçün ən böyük vəzifələrdən olduğunu həm sözdə, həm də əməldə göstərdi. Bir dəfə Peyğəmbər (səllallahu aleyhi və səlləm- Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) hətta minbərdə qiyam və rüku ilə namaz icra edərək demişdir: «Bunu etdim ki, məni təqlid edəsiniz və mənim necə namaz qıldığımı öyrənəsiniz» (əl-Buxari və Müslim).
      Namaz qılmaqda ondan nümunə götürməyi vacib bilərək demişdir: «Mənim necə namaz qılmağımı gördünüzmü, o cür də namaz qılın» (əl-Buxari, Müslim, Əhməd). Bizə belə bir müjdəni çatdırmışdır ki, onun kimi namaz qılanın cənnətə daxil olacağı barədə Allahın dərgahında vəd vardır və demişdir: «Qüdrət və Cəlal sahibi Allah beş dəfə namazı vacib bilmişdir; onların dəstəmazını, vaxtında icrasını, tam rükusunu, səcdəsini və itaətkarlıqla icrasını ən gözəl və ən yaxşı iş hesab etmişdir. Bu qaydalara əməl edənin məqfirət qazanması barədə Allahın vədi vardır. Bunu etməyən Allahdan belə vəd qazana bilməz. Allah istəsə,onu bağışlar, istəsə, cəzalandırar» (Əbu Davud, «Səhih» 451 və 1276-cı hədislər).
      Peyğəmbərin –səllallahu aleyhi və alihi və səlləm- ibadətini, namazını, kəlamlarını, əməllərini bizə çatdıran, yalnız onları özlərinə, ardıcıllarına, davamçılarına və qiyamət gününədək onların yolunu tutanlara məzhəb və nümunə edən mömin və pak ailəsinə və əshabələrinə də salavat və salam olsun!
      Hafiz əl-Munzirinin (rahmətulahi aleyh- Allah ona rəhmət etsin!) «Tərğib-tərhib» kitabından namaz fəslini bəzi qardaşlarımla dörd il bundan qabaq oxuyub qurtarandan sonra namazın İslamdakı yeri, onu gözəl tərzdə icra edənin qazandığı əcr, kəramət və fəziləti hamımıza aydın oldu. Bu, Peyğəmbərin –səllallahu aleyhi və alihi və səlləm- namazına yaxınlıq və ya uzaqlıq dərəcələrinə görə fərqlənə bilər. O bu barədə buyurur: «Bəndə namaz qılarkən savabın (necə qımasından asılı olaraq) yalnız onda biri, doqquzda biri, səkkizdə biri, beşdə biri, dörddə biri, üçdə biri və yarısı qədər savab qazanar» (Səhih hədisdir. İbn Mübarək, «əz-Zühd,(10/21/1-2),Əbu Davud və ən-Nəsai «Səhih», 761-ci yaxşı hədis).
      Buna görə də mən qardaşlarımı xəbərdar edirəm ki, əgər biz namazı düzgün qılmaq istyiriksə, onda Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- tərəfindən namazın icra tərzini, onun vacib cəhətlərini, tərkibini, dualarını və zikrlərini bilməli və bütün bunları əməli olaraq yerinə yetirməliyik. Yalnız bu halda namazımızın bizi qəbahət və küfrdən xilas edəcəyinə, onun gətirdiyi savab və əcrin bizə qismət olacağına əmin ola bilərik.
      Adamların əksəriyyəti, o cümlədən alimlərin çoxu müəyyən bir məzhəbi rəhbər tutduqarı üçün bütün bunları tam şəkildə bilməsi çətindir. Pak sünnə yoluna xidmət edən hər bir şəxs- istər müsəlman hüququ (fiqh), istərsə də hədis elmilə məşğul olan olsun- bilir ki, hər bir məzhəbin yalnız onun özünə məxsus olan qaydaları var və onların hamısında elə kəlamlar və əməllər vardır ki, bunları heç cürə Peyğəmbərə –səllallahu aeyhi və alihi və səlləm- şamil etmək olmaz. Bu fikirlərə daha çox sonrakı dövr alimlərinin əsərlərində rast gəlmək olar. Onlar çox zaman bunu Peyğəmbərə –səllallahu aleyhi və alihi və səlləm-şamil etməyə çalışmışlar. Buna görə də hədis alimləri Allah onlardan razı olsun hədis kitabları yazıb onlardan səhih, zəif və yaxşı hesab edilən hədisləri müəyyənləşdirdilər. Bu kitablardan aşağıdakıları göstərmək olar: «Əl-inayə bi mərifəti əhadis əl-hidayə» və «Ət-turuq vəl vəsail fi təxric əhadis xulasə əd-dəlail». Hər iki kitab Şeyx Abdul-Qadir Məhəmməd əl-Quraşı əl-Hənəfiyə məxsusdur. Həmçinin Hafiz İbn Həcər əl-Əsqalaninin «Əd-dirəyə» və «Təlxis əl-Həbir fi Təxrici əhadisi ər-Rafi əl-kəbir» və başqa çoxsaylı əsərləri göstərmək olar.
     
Kitabin yazilmasi səbəbi